ABŞ-ın Corciya əyalətində yerləşən “Atlanta” zooparkında 13 qorilanın koronavirusu yoluxduğu bildirilib.
“Sherg.az” “Ntv.com”a istinadən xəbər verir ki, qorillaların COVİD-19 testi müsbət çıxıb.
Xəstəliyə yoluxan qorillalar arasında ən yaşlısı “Ozzie” adlı erkək qorilladır. Heyvanın 60 yaşında olduğu bildirilib. Zooparkın səlahiyyətliləri qorillaların öskürdüyünü, burunlarının axdığını və iştahlarının azaldığını qeyd edib.
İşçilərin tam peyvənd edildiklərini və qoruyucu vasitələr taxdıqlarını ifadə edən səlahiyyətlilər, heç bir simptom göstərməyən bir işçinin virusu qorillalara ötürdüyünü düşünürlər.

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.
Rayon ərazisində fəaliyyət göstərən daş karxanaların birində fəhlə işləyən 1998-ci il təvəllüdlü Qardaşov İsmayıl Aydın oğlu tanıdığı şəxslə mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun baş, kürək və ayaq nahiyələrində 4 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.

“Xeyli müddətdən sonra Rusiya Belarusu öz çəmbərinə ala bildi. Vladimir Putin çıxışlarının birində demişdi ki, SSRİ itib-batmayıb, bu yolun davamçısı Rusiya Federasiyasıdır. Rusiya öz çəmbərinə daha çox dövləti daxil etmək istəyir. Bunu isə diplomatik siyasətlə etməyi üstün tutur, ancaq həmişə güc amili də "B" variantdır”.
Bu sözləri “Sherg.az”a açıqlamasında siyasi-şərhçi Elman Vəliyev deyib.

Onun sözlərinə görə, Rusiya üçün digər mühüm bir məsələ də Ukraynadır:
“Ukrayna Prezidenti Zelenskinin ABŞ Prezidenti Baydenlə görüşü olmuşdu. Bayden Ukraynaya bir xeyli maddi yardım elədi. Belarus Prezidenti Lukaşenko maddi çətinliyin aradan qalxması üçün Putindən borc aldı ki, bu da asılılıq yaratdı. Bayden Ukraynanın da bu vəziyyətə düşməməsi üçün maliyyəni özü verdi. Rusiyanın "Şimal axını-2" layihəsi artıq yekunlaşıb və Rusiya Almaniya vasitəsilə öz enerjisini Avropaya rahat ixrac edəcək”.

E.Vəliyev qeyd edib ki, Amerikanın iqtisadi sanksiyalarına qarşı bu enerji axını Rusiya üçün çox effektli olacaq:
“Ukrayna da bu layihədən faydalana bilər. Rusiya bunu Ukraynaya təklif edib. Yəni Rusiya əlindəki bu fürsəti yaxşı dəyərləndirmək istəyir. Bu layihə vasitəsilə Ukraynanın da iqtisadi asılılığa düşməsini istəyir. Məhz Amerika da buna görə Ukraynanın maddi sıxıntı çəkməsini istəmir. BMT Baş Assambleyasının 76-cı iclası keçirildi və bu iclasda Ukraynanın işğal altındakı əraziləri ilə bağlı səs vermə oldu. Ermənistan, Belarus və Qazaxıstan Rusiyanın mövqeyini saxladı. Rusiya Qazaxıstanın da Belarus kimi himayəyə götürülməsinə səy göstərəcək. Ermənistanın da niyə belə addım atması məlumdur. Putinlə Zelenskinin görüşünü istisna etmək olmaz. Krım, Donbas Rusiya üçün mühüm mövqedir. Bildiyimiz kimi, Krım Qara dəniz sahilində yerləşir və bu da Rusiyanın bu məkana önəm verməsinə dəlalət verir. Qara dənizdə öz maraqlarını təmin etmək üçün Krım Rusiyaya lazımdır. Bunun üçün zənn etmirəm ki, Rusiya bu mövqedən əl çəkər. Tərəflər üçün ən alternativ kompromisə getməli olacaq. Yəni hər iki tərəf müəyyən güzəştlər etməlidir”.

"İrana artıq daha sərt mesaj verməyin vaxtıdır. Bunların notadan, diplomatik dildən anlamadığı bəllidir".
"Sherg.az" xəbər verir ki, bu barədə siyasi şərhçi Turab Rzayev deyib.
Analitik bildirib ki, İran ilə bütün ikitərəfli əməkdaşlıq və təhlükəsizlik müqavilələrinə yenidən baxıla biləcəyi açıq şəkildə bildirilməlidir:
"Arazboyu layihələr əsas olmaqla, bütün iqtisadi layihələrin dondurula biləcəyi, İrana iqtisadi sanksiyalar gündəmə gəlməlidir. Gorus-Qafan yolu tam olaraq nəzarətə götürülməlidir, bütün hərbi təyinatlı, tikinti materialları və digər yüklər tamamilə qadağan edilməlidir, ancaq limitli miqdarda ərzaq və tibbi ləvazimatların, humanitar yüklərin daşınmasına icazə verilməlidir. Qarabağda iqtisadi fəaliyyət göstərən bütün İran vətəndaşları və şirkətləri qara siyahıya salınmalı, haqqında cinayət işi açılmalı, beynəlxalq axtarışa verilməlidir. Bunlar başqa dildən başa düşmürlər".

“Erməni tərəfi vəziyyətin nə yerdə olduğunu, başqa alternativlərin mövcudluğunu öyrənmək üçün bir neçə dəfə həmlələr etdi. Amma anladı ki, seçim qalmayıb, münasibətləri bərpa etməkdən başqa yol yoxdur”.
Bunu “Sherg.az”a açıqlamasında Dövlət İdarəçilik Akademiyasının Politoloqlar Klubunun sədri Elman Vəliyev deyib.

Analitik qeyd edib ki, baş nazir Nikol Paşinyan Türkiyə ilə münasibətləri nizamlamağın mümkün olduğunu deyir. Türkiyə tərəfi də buna müsbət cavab verir:
“Azərbaycan-Türkiyə əlaqələri daha da güclənir. Laçın təlimi aşkar bir mesajidi. Türkiyə demək istədi ki, artıq burdayıq. Rusiya tərəfi də bölgədə öz seqmentini stabil saxlamağın getdikcə çətinləşdiyinin fərqindədir. ATƏT-in Minsk qrupunun bölgədə mövcud olmaq niyyəti, Türkiyənin daha da irəliləməsi, Rusiya sülhməramlılarının mandatının rəsmi Bakı tərəfindən ratifikasiya edilməməsi Rusiya üçün narahatlıq yaradır. Paşinyan Azərbaycanla da münasibətləri qura biləcəyini dilə gətirdi. Delimitasiya və demarkasiya proseslərinin həll edilə biləcəyini bildirir. Hesab edirəm ki, Paşinyan bu delimitasiyanı "Dağlıq Qarabağ" ətrafındakı rayonlarla, Qazağın kəndləri ilə həll edilə biləcəyini nəzərdə tutur. "Dağlıq Qarabağ"statusu Ermənistan tərəfi üçün problem olaraq qalır. Yəni delimitasiya və demarkasiyada bu bölgəni nəzərdə tutmayırlar. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avqustun axırında Moskvada həmkarı Sergey Lavrov ilə görüşəndə "Artsaxın" müqəddəratı barədə mesaj verdi. Moskvada bunu dilə gətirmək mühüm məsələdir. Yəni Mirzoyan demək istədi ki, Rusiya da bilsin və bizə dəstək olsun. Ancaq Azərbaycan tərəfi öz mövqeyində qətiyyət göstərməlidir. Delimitasiyanı Xankəndisiz həll etmək bizim üçün mümkün deyil”.
Ekspert vurğulayıb ki, Azərbaycan tərəfi Ermənistanın danışıqlarda müsbət yanaşmasına adekvat cavab verəcək:
“Ermənistan tərəfi delimitasiyada özlərinin təkliflərini də irəli sürəcək. Türkiyə ilə avtomobil və dəmir yol nəqliyyatı əlaqələri müzakirə ediləcək. Münaqişə tərəfləri arasında irihəcimli müharibə gözləmək olmaz. Ancaq lazımlı zamanda güc amillərindən istifadə ediləcək. Moskvanın vasitəçiliyi ilə 3 tərəfli danışıqlar masası yenidən qurula bilər. Gürcüstan vasitəsilə də münaqişə tərəfləri arasında dialoqlar mümkün ola bilər. Proseslərin Azərbaycanın leyhinə gedəcəyini söyləyə bilərik!”.

ABŞ-ın rəhbərlik etdiyi koalisiya İraq Kürdüstanının Ərbil bölgəsindəki qüvvələrinin şənbə günü gecə yarı heç bir itki vermədən pilotsuz təyyarələrlə vurulduğunu təsdiqləyib.

APA bildirir ki, bu barədə koalisiyanın sözçüsü Vayne Marotto Twitter-də yazıb.
Qeyd edək ki, Kürd telekanalı “Rudaw” İraq Kürdüstan Terrorla Mübarizə İdarəsinə istinadən Ərbil hava limanına partlayıcı maddələrlə dolu pilotsuz təyyarələrlə hücum edildiyini xəbər vermişdi.

Vayne Marotto yazıb ki, 11 sentyabrda gecə yarı Ərbil hava bazasındakı koalisiya qüvvələrin iki pilotsuz təyyarənin hücumuna məruz qalıb:
“Pilotsuz uçan aparatları məhv etmək üçün əks tədbirlər görülüb. İtki və maddi ziyan yoxdur ".

“Laçında keçirilən Azərbaycan-Türkiyə birgə təlimlərində yollarda pusquların qurulması, ərazidə təxribat qruplarının aşkarlanması və məhv edilməsi tapşırıqları böyük uğurla icra olunub”.
“Sherg.az” xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov bildirib.

Deputat qeyd edib ki, dünya baş verənləri sadəcə təlim kimi qəbul etmir:
“Biz də bu prosesə hər şeydən öncə Prezident İlham Əliyevin hücum siyasəti doktrinasının sülhün davamlılığını hədəfləyən mühim mərhələsi kimi yanaşmalıyıq. Eyni zamanda bu, bir millətin iki dövlətinin bölgədə stabilliyi təhdid edənlərə kifayət qədər açıq mesajlarıdır. Səlahiyyət həddini aşanlar, habelə, müharibədəki məğlubiyyətindən dərs çıxarmayanların təxribatlarına bundan daha yaxşı cavab ola bilməz. Son 1 ildə baş verən proseslər sübut edir ki, bölgədə beynəlxalq hüququn və ədalətin təmin olunmasının, sabitliyin bərqərar olunmasının təməlində Azərbaycan Ordusunun gücü dayanır”.
Parlament üzvü bəyan edib ki, sülh və sabitliyin davamlılığı üçün əsas qarant Türkiyə-Azərbaycan strateji müttəfiqliyidir:
“Biz Laçında nələr edə biləcəyimiz mesajını verdik. Əgər lazımi ünvanlar bizim də təmənna və arzu etdiyimiz kimi nəticə çıxaraqcaqsa, bu, hər kəsin faydasına olacaq. Əks halda müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun kimi lazımdırsa, başa salmaq üçün təcrübəsi və gücü var.

“Müasir terrorizm qloballaşan dünyanın bütün texnoloji nailiyyətlərini mənimsəmək və insanlıq əleyhinə istifadə olunmaqla özü qlobal bir xarakter kəsb etməkdədir. Terrorizmin əsasında qloballaşmaya və qlobal siyasətə və daxili hakimiyyətə qarşı müqavimət, etnik separatizm, dünyada baş verən qeyri-bərabər və ədalətsiz proseslərə etiraz, həmçinin özlərinin maddi və mənəvi iddialarını reallaşdırmaq, gəlir götürmək, hansısa qeyri-qanuni ehtiyaclarını təmin etmək istəyi və s. dayanır. Qeyd edək ki, nisbətən kiçik dövlətlərdə baş verməkdə olan dövlət terror aktları dünya üçün böyük ictimai reaksiya doğurmur”.
Bu sözləri “Sherg.az”a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Ramid Hüseynov deyib.
Ekspert qeyd edib ki, halbuki, Fransada, Böyük Britaniyada, Almaniyada və digər Avropa dövlətlərində miqyasından asılı olmayaraq baş vermiş bu tip hadisələr xüsusi müzakirələrə səbəb olmaqla, daha çox ictimailəşdirilməklə, insanlıq əleyhinə bir cinayət olması nümayiş etdirilir və ölmüş hər bir vətəndaşın dəyəri və hörməti ən yüksək səviyyədə qiymətləndirilir:
“Əsasən də müsəlman dövlətlərdə yüzlərlə körpənin, qadının, yaşlının bir terror hadisəsində öldürülməsinə baxmayaraq bu qərbin reaksiyasına səbəb olmur. Belə bir sual yaranır, axı beynəlxalq səviyyədə qəbul edilmiş insan hüquq və azadlıqları kriteriyası ölkələrə uyğun dəyişirmi? Yoxsa bu kriteriyalar ancaq Qərb cəmiyyəti üçün keçərlidir? Digər tərəfdən belə düşünmək olar ki, terrorun həm də islamla əlaqələndirilməsi qərb dövlətlərinin “terrorla mübarizə adı altında” Şərqə, İslam dünyasına qarşı çıxmasına, silahlı hücu taktikasını həyata keçirməsinə fürsət yaradır. Məlum olan odur ki, islamın durmadan artan nüfuzu, müsəlmanların sayının çoxalması qərb dövlələrini bu addımı atmağa vadar edir. Əsasən də Yaxın Şərqdə baş vermiş hadisələrdən sonra müsəlmanların Avropaya miqrasiyası və demoqrafik vəziyyətin onların xeyrinə dəyişməsi qərb ictimaiyyətini gözlənilməz sürprizlərlə üz-üzə qoydu. Bu baxımdan baş vermiş terror hadisələrinin (“idarəolunan”) birbaşa islamla əlaqələndirilməsi ictimai fikirdə islama olan müsbət tendensiyaların qarşısının alınması, onun genişləndirilməsinə mane olunması məqsədi daşıyır. Təsadüfi deyil ki, ABŞ-da 11 sentyabr 2001-ci il terror aktının nə qədər dəhşətli olmasının ardınca terrorun mənbəyinin şərqdə, islam dövlətlərində axtarılması bu hadisənin siyasi mahiyyət daşıdığını, strateji plan olduğunu qısa zaman sonra ortaya çıxardı. İslam dünyasına qarşı nifrətin formalaşdırılması üçün “Əkizlərin” qurban verilməsi o dövr üçün yaxşı taktiki addım hesab oluna bilərdi. Hadisələrin sonrakı gedişində gözləntilərin əksinə olaraq yaranmış əks effektlər, ciddi problemlər ABŞ və müttəfiqlərini addımlarının yalnış olması ilə bağlı etirafları bunu bir daha sübut etdi”.
R.Hüseynov əlavə edib ki, böyük güclərinin bir-birlərinə qarşı mübarizədə məhz terror qruplaşmalarının “köməyindən” istifadəyə yol vermələri açıq mübarizədən çəkinərək, birbaşa iştirakdan kənar qalmasına fürsət yaradır:

“Başqa sözlə terror qruplarına dolayı dəstək dövlətlərə geosiyasi və geoiqtisadi maraqlarını təmin etmək, istehsal olunan yeni silahların sınağını və ya satışını həyata keçirmək, həm də təbii resurslar üzərində nəzarətin ələ keçirilməsi şansını qazandırır. İqtisadi, siyasi mübarizənin bu yolla həyata keçirilməsi daha effektiv olmaqla bərabər dövlətlərarası münasibətlərin bütünlüklə kəskinləşməsinin qarşısını alır. Belə hesab etmək olar ki, müasir terrorizm heç də hansısa bir qrupun yaratdığı təhlükə və təhdid deyil, məhz dövlətlərin bir-birlərinə qarşı mübarizəsinin başqa formada həyata keçirilməsi üsullarından biri kimi özünü göstərməkdədir. Bu qarşılıqlı mübarizədə dövlətlər üçün ən uyğun metod kimi görünə bilir. Deməli, terrorçu təşkilat olan “Taliban”ın Əfqanıstanda dövləti ələ keçirməsi, hakimiyyətə sahib olması bütün bunların məntiqi nəticəsi hesab olunur. O cümlədən, BMT kimi mötəbər təşkilatın, ABŞ, Fransa, Rusiya, Böyük Britaniya kimi beynəlxalq güclərin terrorçu təşkilatın bu addımına loyallıq nümayiş etdirmələri əsassız deyil. Əsasən də “Taliban”ın müasir cəmiyyətimiz, insan hüquq və azadlıqları üçün bir araya sığmayan idarəetmə formasını tətbiq etməsi, insan hüquq və azadlıqlarını kobud formada pozması, İslami dəyərləri tapdalamasına biganə qalmaları nədənsə ciddi şübhələr yaradır. Halbuki, “insan haqlarının müdafiəsi” adı altında tez-tez dövlətərə irad tutanlar, Suriyaya, İraqa, Liviyaya və digər dövlətlərə qarşı açıq müdaxilələr, sərt reaksiyalar verənlər taliblərə münasibətdə “sadə bəyənatlarla” kifayətlənirlər. Hətta Avropa Birliyinin qəbul etmədikləri terrorçularla əməkdaşlığa hazır olduqlarını bəyan etmələri də təzad yaradır. Görünür hazırkı geosiyasi-geoiqtisadi rəqabət mühitində, yeni dünya düzəninə hazırlıqda beynəlxalq güclərin mübarizə taktikası olaraq “Taliban”ın dövlət idarəetməsini ələ almasına yaşıl işıq yandırılması və hətta ən müasir silahlarla “mükafatlandırılması” təsadüfi deyil. Əks təqdirdə ABŞ kimi supergüc üçün prosesləri tənzimləmək, bu cür məcraya yönəlməsinə mane olmaq elə də çətin hesab oluna bilməzdi. “Əsl müsəlman” obrazında özünü nümayiş etdirən taliblər daha çox radikal düşüncə ilə islami dəyərlərə zərbə vurmuş olurlar. Onsuz da sosial-iqtisadi cəhətdən ciddi çətinliklər yaşanan Əfqanıstanda əlavə sərt prinsiplərin tətbiqi ölkənin gələcək taleyi üçün problemlər yaradır. Bunun əksini düşünənlər, yəni sabit və inkişaf edə biləcək cəmiyyətin formalaşacağını ümid edənlər belə, ölkənin terrorçuların – terrorçu təfəkkürünə malik olanların idarəetməsində olduqlarını nəzərə almalıdırlar. Əks təqdirdə, proseslərin daha da genişlənərək, Əfqanıstan hüdudlarından kənara çıxma etimalı heç də az deyil”.

“Azərbaycan və Türkiyə Qarabağda anti-terror əməliyyatlarına başlayarsa, Rusiya geri çəkilməli olacaq”.
Bu sözləri “Sherg.az”a açıqlamasında MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
Partiya təmsilçisi qeyd edib ki, 10 noyabr bəyannaməsi ilə Qarabağda müharibənin sona çatmasına baxmayaraq, Rusiya tərəfi situasiyanı gərginləşdirir. Bu da öz növbəsində, yeni lokal toqquşamlara yol açır:
“Həmçinin, “sülhməramlı” komandirləri Azərbaycanla deyil, Ermənistanla daha sıx təmasdadırlar. Rusiya bununla neytrallığını pozaraq birbaşa Qarabağda Ermənistanın mövqeyinin olduğunu göstərir. Bu, Azərbaycana təzyiq vasitəsidir, həmçinin, münaqişənin davam etdiyini göstərir. Rusiyanın bu siyasəti Azərbaycanın hərəkətə keçməsini şərtləndirdi. Məhz Laçında Azərbaycan və Türkiyə ordularının birgə taktiki hərbi təlimləri buna cavabdır və anti-terror əməliyyatlarını özündə ehtiva edir. Rusiyanın Qarabağa Abxaziyada separatizmə dəstək verən general Mixail Kosobokovu komandan təyin etməsi separatizminin dəstəklənməsidir. Düşünürəm ki, Rusiyanın Qarabağda Azərbaycana qarşı bu addımı öz əleyhinə işləyəcək”.
Analitikə görə, Rusiyanın bu fəaliyyəti Türkiyənin də regional siyasətini təhdid edir:
“Rusiya separatizmə dəstək verən generalını Qarabağda komandan təyin etməsinə cavab olaraq Türkiyə nümayişkaranə xüsusi əməliyyatlarla bağlı bir neçə generalını Azərbaycandakı hərbi kontingentlərinə komandan təyin etdi. Bu, Ankaranın Moskvaya cavab addımıdır və vəziyyətin mürəkkəbləşəcəyi gözlənilir. Türkiyə bu addımı ilə geri çəkilməyəcəyini və daha da irəli gedəcəyi mesajını verdi. Baş verəcək problemlər fonunda Qarabağda qalan ermənilər bu əraziləri tərk etməyə məcbur olacaq”.