"Azərbaycan əsgərinin qarşısını kəsmək skandaldır, İran üzr istəyib..."

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fazil bəy, Azərbaycanla Ermənistanın sülh prosesinə mümkün hazırlığı, buna inamın güclənməsini hazırkı dövr üçün nə dərəcədə real hesab edirsiniz?

- Sülh prosesində inama gərək yoxdur. Prosesin özlüyündən hadisələrin gedişini, buna doğru irəliləyişi proqnozlaşdırmaq olar. Bu irəliləyiş isə MDB sammitində olan müzakirələrdən daha açıq göründü. Rusiyanın bölgədə kommunikasiyaların açılmasında marağı ortadadır. Ermənistanın kommunikasiyaların konkret hansı adlar üzrə açılacağına dair bəyanatı var. Azərbaycan Prezidentinin də qətiyyətli mövqeyi bunu göstərir ki, kommunikasiya xəttlərinin açılması ilk şərt olaraq gündəmdədir. Bunun ardınca isə mümkün saziş imzalanmalıdır. Çünki burada Ermənistan tərəfinin də bölgədə normal münasibətlərin qurulmasına doğru irəliləməkdə marağının olduğu müşahidə edilir. Bu məsələlər bəyanatlar və açıqlamalardan sonra artıq daha inandırıcı və real görünür. Ona görə də, burada hansısa bir şəkildə ümidddən və inamdan daha çox bir niyyətin təhlilindən söhbət açmaq olar. Bu təhlillər onu göstərir ki, yolun açılmasına və böyük sülh sazişinə doğru bir niyyət var.

- Azərbaycanla Ermənistan rəhbərləri arasındakı mümkün görüşdə Qarabağ məsələsi masada hansı spektdə nmüzakirə oluna bilər?

- Qarabağ məsələsinin müzakirə masasında olması da mümkündür. Burada mövzu “status”la bağlı olmayacaq. Qarabağda yaşayan ermənilərlə, onların gələcəkdə Azərbaycan vətəndaşı kimi hüquqi təminatı ilə bağlı danışıqlar ola bilər. Buna Azərbaycan açıqdır. Dövlətimiz Qarabağda yaşayan erməni faktorunu inkar etmir. Bununla bağlı da Azərbaycanın tərəfinin mümkün təkliflərinin olması da mümkündür. Onlardan da əsas tələb Azərbaycan vətəndaşlığını qəbul etməklə bağlıdır. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra onların mədəni inkişafı ilə bağlı müəyyən fikirlər, mülahizələr ola bilər. Amma “statusla” bağlı müzakirədə Azərbaycan hansısa bir müzakirədə yer almayacaq. Çünki Azərbaycan öz ərazisində hansısa bir idarəetmə formasını kiməsə həvalə etməyib. Bununla bağlı dövlətimizin heç kəsə etimadnaməsi də yoxdur. Ona görə də, Azərbaycan öz ərazisində hansısa “status və “Dağlıq Qarabağla” bağlı məsələlərə qətiyyən yol verməyəcək. Burada birmənalı mövqe var. Amma ümumi Qarabağla, yol, kommunikasiya, Laçın dəhlizi və başqa məsələlərin müzakirəsi ilə bağlı müəyyən müzakirələr ola bilər. Ölkəmizin prinsipial mövqeyi bütövlükdə bölgənin kommunikasiya məsələsini müzakirəyə çıxarır. Bu da daha real bir yoldur. Bu kontekstdə Zəngəzuru Qarabağdan ayırmağı da Azərbaycan tərəfi doğru hesab etmir.

- NATO generallarının İranla gərginlik fonunda Azərbaycana səfəri ilə bağlı hansı mülahizələr var?

- Azərbaycanla NATO arasında sıx əməkdaşlıq var. İran isə NATO-ya qarşı cinahda yer alan dövlətdir. Azərbaycan NATO-ya üzv olmasa da, təşkilatla səmərəli əməkdaşlığı mövcuddur. Beynəlxalq təhlükəsizliyin təmin olunmasında, terrorizmlə mübarizədə, NATO-nun sülhyaratma missiyasında Azərbaycan əsgəri də iştirak edib. Bu missiyanı da Azərbaycan hərbçiləri çox uğurlu yerinə yetirib. Əfqanıstanda Azərbaycan sülhməramlılarının fəaliyyəti xüsusi olaraq vurğulanır. Bu baxımdan İranın Azərbaycana qarşı hansısa bir davranışı ölkəmizin müttəfiqlərinin sayını kifayət qədər artırıb. Bu məsələdə Azərbaycan qətiyyən tək deyil. Sözsüz ki, İran da bunu anlayır. Amma gərginliyin azalması istiqamətində hər halda Azərbaycan da maraqlıdır. Çünki qonşu ölkələrlə Azərbaycanın heç bir problemi yoxdur. O qonşu ölkə ilə problem var ki, onlar işğalçılıq niyyəti güdür. İran da Ermənistan qədər işğalçılıqda payı olan ölkələrdən biridir. Bir il öncə Azərbaycan əsgərinin qarşısını kəsmək üçün sərhədlərimi keçərək edilən cəhdlər əslində ciddi beynəlxalq bir skandaldır. İran bunun cavabını verməlidir. Məhz bu kimi məsələlərdə Azərbaycanla İran arasında çox ciddi ziddiyyətlər var. Amma bütün hallarda qonşu ölkələrlə münasibətlərə tərəfdar olan bir anlayışa sahib xarici siyasət yürüdülürsə, bu məsələlərin yumşalmasına da Azərbaycan hər zaman hazırdır. Amma bu, indiki halda Azərbaycandan asılı məsələ deyil. İran işğalçını dəstəkləməkdən əl çəkməlidir. Azərbaycanın ərazilərinin işğalı dönəmində həmin bölgədə dağıdıcılıq, talançılıqda rolunu etiraf etməlidir. Həmçinin İran buna görə Azərbaycandan üzr istəməlidir. Məhz bundan sonra səmimi qonşuluqqla bağlı münasibətləri də irəliyə aparmaq mümkün olacaq.

- Sizcə, Azərbaycanın Laçındakı hərbi təlimləri hansı mesajları ehtiva edir?

- Hər halda bu hərbi təlimlər bir il öncə planlaşdırılmamışdı. Ötən il bu torpaqlarda təlim keçirmək düşüncəsi və yaxud elə bir proqnoz yox idi. Ərazi erməni işğalı altında olduğuna görə belə ehtimallar mümkün deyildi. Sözsüz ki, bu, yeni planlaşdırılmış hərbi təlimdir. Azərbaycan özünə aid olan bütün ərazilərdə istənilən hərbi təlimi icra edə bilər. Bu təlimlər də hər hansı bir ölkəyə qarşı yönəlməyib və Azərbaycanın öz təhlükəsizliyinə aid olan bir məsələdir. Belə təlimlərin bundan sonra daha çox olacağı da mümkündür. Kəlbəcərdə, Laçında, Zəngilanda, Qubadlıda Azərbaycan belə təlimlər keçirəcək. Bu, sırf hərbi birləşmələrimizin dağ şəraitində döyüş hazırlığını daha yüksək səviyyədə tutmaq üçün atılan addımlardır. Təlimlər müştərək formada da ola bilər. Qardaş Türkiyə, Pakistanın da Azərbaycanla bu təlimlərdə iştirakı mümkündür. Regionda müttəfiqlərimizlə birlikdə öz təhlükəsizliyimizi qorumaq üçün bu kimi hazırlıqları davam etdirəcəyik.

- Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında imzalanacaq mümkün sazişdə imzasının olmasında nə dərəcədə israrlıdır?

- Avropa İttifaqı artıq Ermənistan tərəfindən özünün prosesə “imza”sını atıb. Azərbaycan tərəfindən göstəriləcək imzasından hələ ki, İttifaq imtina edib. Aİ-nin Ermənistana 2,6 milyard avroluq yardımı Azərbaycana qarşı Ermənistanı açıq şəkildə dəstəkləmək siyasətidir. Çünki Avropa İttifaqı Azərbaycana 150 milyon dollarlıq “xala xətrin qalmasın” üçün bir vəsait ayırıb. Bunun da guya hansısa bir bərpa prosesinə yardım üçün nəzərdə tutulduğunu açıqlayıblar. Amma ərazisi dağıdılan Azərbaycandırsa, Avropa Ittifaqı əslində külli miqdarda dəstək verməli idi. Amma bu dəstəyi biz görmürük. Bu yoxdursa, demək niyyətləri Ermənistanı dəstəkləməkdir. Ona görə də, bizim Avropa Birliyinin bu prosesdə iştirakını şübhə ilə qarşılayacağımız əsaslar kifayət qədər ciddidir. Bərabərlik işarə qoymaqdan imtina edərək Ermənistana dəstək vermək, himayə etmək, guya müharibədən sonrakı bərpası üçün vəsait ayırmaq bu Avropa Birliyinin tarixi bir səhvidir. Çünki əraziləri viran qoyulan Azərbaycandır. Bunu görməmək mümkün deyil. Gələcəkdə bölgədə özünün müəyyən dərəcədə mövqeyinin təmin olunmasında kifayət qədər uduzulmuş bir variant kimi xarakterizə oluna bilər. Amma buna baxmayaraq Avropa Birliyinin Azərbaycanın ərazi bütövlüyünə xələl gətirməyən hər hansı bir davranışına normal yanaşırıq. Bu mənada da, mümkün əməkdaşlıq münasibətləri davam edir. Amma bu iradlar etimadsız münasibət qüvvədə qalır. Çünki Avropa Birliyi özü hətta bərabərlik işarəsi qoymadan Ermənistanı dəstəklədiyini göstərən jestlərlə Azərbaycanı incitmişdi. Azərbaycan müstəqil siyasət yürüdən, öz şəxsiyyətli duruşu ilə bu kimi məsələlərin qarşısında heç vaxt əzilən deyil. Ölkəmiz öz gücü ilə bu proseslərdən çıxır. Amma burada əslində Azərbaycanı itirən tərəf Avropa Birliyinin özü olur. Çünki Azərbaycan AB-i üçün Ermənistandan daha əlverişli bir partnyordur. Siyasi mülahizələrlə deyil, iqtisadi mülahizələrlə məsələyə baxılsa, görünər ki, Azərbaycanla əməkdaşlığın soyuq məcrada davam etdirilməsi AB-nin özü üçün də uğur gətirən siyasət deyil.

- Bu günlərdə İranın Rusiya tərəfindən silahlanması xəbərləri tirajlanır. Buna nə dərəcədə ehtiyac var idi və İran kimə qarşı silahlandırılır?

- Hazırda bu kimi məsələlər Azərbaycanı qətiyyən maraqlandırmır. Çünki Rusiya istənilən ölkəyə silah sata bilər. Azərbaycan da Rusiyadan silah alan ölkədir. Iranın silahlanmasının bizə heç bir aidiyyatı yoxdur. Çünki Iranın düşməni biz deyilik. İranın düşmənləri başqa yerdədir. Ona sanksiya tətbiq edənlər, təcrid edənlər başqadır. Amma İran birdən-birə Azərbaycana zəif gözdə baxaraq müəyyən bir spekuliyasiyalar etməyə çalışdı. Amma Azərbaycan əvvəlki illərin ölkəsi deyil. Biz istənilən ölkənin qarşısında öz gücümüz və müttəfiqlərimizlə dayanmağa qadirik. Ona görə də, İranın bu siyasətinin yanlışları ortaya çıxdı. Bundan da artıq dərs çıxarmalıdırlar. Çünki Azərbaycanla artıq bərabərhüquqlu tərəf kimi danışmaq mümkün olacaq. Azərbaycanla imtiyazlı tərəf kimi danışmağın perspektivi yoxdur. İran kimdən silah alır, alsın. Onsuz da ətrafı düşmənlə doludur. Bu gün İran kiminləsə dost deyil. Onun bir müsəlman ölkəsi ilə normal münasibətləri yoxdur. Yeganə Azərbaycanla qonşuluq münasibəti vardı, onu da süni şəkildə ermənilərə dəstək verərək pozmağa çalışır. Bu baxımdan İranın kimdən, haradan silah almasının biz maraqlandıran bir tərəfi yoxdur. Biz öz işimizlə məşğuluq dövlətimiz də öz təhlükəsizliyinin qorunması üçün hər cür addım atmağa və istənilən qətiyyəti göstərməyə hazırdır.

Mənbə:
0
72
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar