Azərbaycanda polisə hücumlar niyə artıb? – “Bu istiqamətdə qanunlar işlək olmalıdır”

Bu gün ölkədə polisə qarşı yeni bir cinayət hadisəsi baş verib.

Belə ki, İmişli rayonunda polis əməkdaşı bıçaqlanıb. Hadisə İmişli və Biləsuvar rayonlarının sərhədində yetləşən məcburi köçkün düşərgəsində baş verib. Cəbrayıl rayonunun Mərcanlı kənd sakini, 1987-ci il təvəllüdlü Qurbanov Qurban Əbülfət oğlu qəsəbə sakini tərəfindən bıçaqlanıb.

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşı olan polis serjantı Q.Qurbanov boğazından, qarın və bədəninin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alaraq, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Hadisəni törədən şəxs saxlanılıb.
Qeyd edək ki, bu, son günlər polisə qarşı törədilən yeganə cinayət hadisəsi deyil. Bir neçə gün öncə Xaçmazda millət vəkili tərəfindən polisin döyülməsi hadisəsi baş vermişdi. Baş verən bu hadisələrin kökündə nə dayanır, qanunların işləməməsi, polisin səlahiyyətlərindən tam istifadə etməməsi, yoxsa vətəndaş özbaşınalığı?

"Polisə Dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyev Cebhe.info-ya bildirdi ki, ümumiyətlə, baş verən hadisələr cəmiyyət üçün arzuolunmaz bir haldır:

"Əvvəla hakimiyyətin səlahiyyətli nümayəndəsi olan polis əməkdaşına qarşı müqavimət göstərmək, ona həqarət etmək, qanunun tələbinə tabe olmamaq nadanlığın əlamətidir. Bu insanların zərrə qədər də olsun polisin fəaliyyət istiqamətləri ilə bağlı məlumatı yoxdur. Bu gün iki ilə yaxın müddət ərzində karantin qaydalarının qorunması ilə bağlı fəaliyyət həyata keçirən Azərbaycan polisinin xidməti göz qabağındadır.

Xalq, hətta ölkəmizdəki diplomatik korpusun nümayəndələri də təhlükəsinin təmin olunmasında, qaydalara riayət olunmasında polislə bağlı məmnunluqlarını ifadə edirlər. Ancaq bəzi vətəndaşların bu şəkildə polisin xidmətinə baryerlər qoyması, mane olması, bədən xəsarəti yetirməsi polisin öz təyinatından kənara çəkilib kriminal aləmlə cəmiyyətin üz-üzə qalması ehtimal oluna bilər. Məsələn, millət vəkili polisə qarşı belə bir addım atdı. Kifayət qədər normativ hüquqi bazanın möhkəmlənməsi istiqamətində fəaliyyətin formalaşdırılmasında toxunulmazlıq hüququna malik olan, cəzasızlıq mühitindən yararlanan millət vəkili əgər bu addımı atırsa, digər vətəndaşlar arasında da bu məsələdə sanki ona "dəstək"olanlar var. Polisə qarşı qeyri-qanuni hərəkətlər genişlənə bilər. İnsan hüquqları dünyada bəşəri dəyər kimi bütün cəmiyyətlər üçün prioritet təşkil edən bir məsələdir.

Hər bir dövlət, hər bir vətəndaş insan hüquq və azadlıqlarının ətrafında "farağat" dayanmalıdır. Məsələn, Xaçmazda deputatın polisə həqarət etməsi, ona əl qaldırması, xəsarət yetirməsinin özündə qeyri-anormal bir hal var. Ona görə də Azərbaycan cəmiyyəti özü bu insanları kənara çəkməli, ona dur deməli, Respublika Prokurorluğu bu istiqamətdə çox ciddi, sərt cinayət prosesual araşdırmalara başlamalıdır. Düşünürəm ki, bu istiqamətdə həm "Polis haqqında” qanunda, həm "Əməliyyat axtarış fəaliyyət haqqında”kı qanunda, həm də Cinayət təqibində sərt dəyişikliklərə rəvac duyulur".

Ş.Əliyev deyir ki, inkişaf etmiş ölkələrin, məsələn, Amerika kimi ölkələrin polisinin fəaliyyət istiqamətini Azərbaycan polisinin fəaliyyət istiqaməti ilə müqayisə etsək yerlə göy qədər fərq var:

"Orada belə hallar mümkündürmü? Polis hansı vətəndaşa "dur!" deyərsə, dərhal dayanmalı, onun tələbinə tabe olmalıdır. Azərbaycanda, hətta kütləvi aksiyalarda belə, polis tabel silahsız vətəndaşların qarşısına çıxır. Bu günə qədər zərrə qədər olsun digər hallar müşahidə olunmur. Ona görə də Azərbaycan polisi ilə bağlı xalqın bütövlükdə məmnunluğu var. Təəssüf ki, ruhu sağlam olmayan, təfəkküründə çat olan, düşüncəsi deformasiyaya uğrayan bəzi vətəndaşlar bu şəkildə davranırsa bu, cəmiyyətin faciəsidir. Düşünürəm ki, bu istiqamətdə qanunlar işlək olmalıdır, əgər bu sahədə qanunlar öz sözünü deyə bilməzsə, o zaman mən qanunları küçədə dayanmış çılpaq qadına bənzədirəm.

Ona görə də buna yol verməmək məqsədilə hər bir vətəndaş bunun əleyhinə olmalıdır, sözünü deməlidir, KİV bu sahədə mövqeyini açıqlamalıdır. Çünki söhbət Azərbaycan xalqının sabitliyini təmin olunmasından, konstitusion quruluşunun mühafizəsindən və təbii ki, Milli ordu formalaşmamışa qədər, Azərbaycan polisinin yadellilərə qarşı əzmkarlıq və qətiyyət nümayiş etdirməsindən gedir. Nə qədər erməni işğalçılarına qarşı mübarizə aparan bizim polislər sırasında Milli Qəhrəmanlarımız, orden və medallarla təltif olunan qazilərimiz, şəhidlərimiz var. Azərbaycan polisinə vətəndaşlarımızın təhlükəsizliyini təmin edən bir qurum kimi yox, həm də 24 saat ərzində xalqa xidmət edən hakimiyyətin səlahiyyətli nümayəndəsi kimi baxmaq lazımdır.

Belə olarsa düşünürəm ki, belə hallara da yer qalmayacaq. Eyni zamanda, polis də insandır. Onların sırasında qonşularımız, dostlarımız, övladlarımız, milli qürurla yaşayan insanlarımız var. Polislər cinayərkarlıqla mübarizədən öz xidməti missiyasını buraxıb çəkiləcəklər kənara. O zaman bilirlərmi cəmiyyətdə nə baş verər? Bir sutka onlar işləməsələr kifayət edər. Vətəndaşlar da bunu anlamalıdırlar. Polisə qarşı həqarət, cinayət halları yol verilməzdir. Son zərurət və zəruri müdafiə hallarında polisin güc, hətta silah tətbiq etmək hüququ var. Ancaq son hadisələrdə vətəndaş polisə güc tətbiq etdiyində polis silaha əl atmadı.

Hakimiyyət, dövlət ona səlahiyyət versə də o bundan istifadə etmədi. Bu, Azərbaycan xalqına münasibətin canlı təzahürüdür. Bunu tapdalamaq olmaz. Polisə verilən səlahiyyət heç bir dövlət qurumuna verilməyib. Ancaq polis bu səlahiyyətindən yararlanmır. Azərbaycan xalqının uzun illər formalaşmış dəyərləri var və polis bu mənəvi dəyərləri qoruyur. Ancaq bəzi vətəndaşlar, nadanlar bunu dərk etməyərək polisə qarşı bu cür hərəkət edirlər".

Nigar Abdullayeva
Cebhe.info


Bizi Telegramda izləyin

Mənbə:
0
153
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar