7 Qazax kəndinin qaytarılması erməniləri niyə qorxuya salıb?

Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası və delimitasiyası prosesi erməniləri işğal altında olan torpaqlarımızı azad etməyimizdən daha çox narahat edir.
Azerforum.com Azvision.az-a istinadən xəbər verir ki, Zəngəzurdakı son proseslərdən sonra Azərbaycanın bir qarış torpağından belə vaz keçməyəcəyini görən ermənilər bu prosesin Naxçıvan və Qazax istiqamətində də gerçəkləşəcəyindən bərk narahatdırlar.

30 ilə yaxın davam edən Dağlıq Qarabağ və ətraf rayonların işğalı erməniləri o qədər axrayın salmışdı ki, onlar 1920-ci ildən sonra (Azərbaycanın bolşevik işğalından və Göyçə-Zəngəzur bölgəsinin qanunsuz olaraq Ermənistana verilməsindən) müəyyən edilmiş inzibati sərhədlərin heç vaxt bərpa olunmayacağını düşünüb, Azərbaycanın hüquqi ərazilərində istədiklərini etmişdilər. İkinci Qarabağ müharibəsinin yaratdığı yeni reallıqdan sonra isə məğlubiyyəti və gücsüzlüyü ilə barışmağa məcbur olan ermənilər ən son məqamda belə, öz çirkin xislətlərindən əl çəkməyərək ərazi qoparmaq, hansısa kəndləri və ya yaşayış məntəqələrini əllərində saxlamağa cəhd göstərirlər.

Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin hərbi hissələri artiq Zəngəzur iqtisadi rayonuna daxil olan Azərbaycan ərazilərinin böyük hissəsində dövlət sərhədlərimizin qorunması məqsədilə bölgədə möhkəmlənməkdə davam edirlər. Hər həftə yeni hərbi hissə, yeni sərhəd zastavası və təhlükəsizliyin təminatı üçün yeni infrastruktur yaradılmaqdadır. Qanunsuz olaraq işğalda saxladıqları Azərbaycan ərazisindən 30 il istifadə etmiş ermənilər artıq Zəngəzurda məngənəyə sıxılmış vəziyyətdə qalıblar.

Məsələni dünya gündəminə ermənilərin özlərinə sərf edən formada çatdırmaq prosesinə Ermənistanın dövlət orqanları ilə yanaşı, bir sıra ictimai qurumları da cəlb olunublar. Son həftə ərzində erməni ombudsmanının üst-üstə verdiyi bəyanatlar isə sadəcə gülüş və ikrah doğurur. Belə ki, beynəlxalq hüquqdan və elementar coğrafiya fənnindən xəbərsiz olan Aram Tatoyan hüquqi Azərbaycan ərazilərinin sahibinə qaytarılmasını "insan hüquqlarının pozulması" kimi qiymətləndirərək, bütün beynəlxalq təşkilatları faktiki olaraq üçtərəfli bəyanatın icrasına mane olmağa çağırıb. Çox qəribə çağırışdır, elə deyilmi?
Aram Tatoyanın ilk bəyanatı belə səslənir: "Hazırkı şəraitdə sərhədlərin demarkasiyası və delimitasiyasını həyata keçirmək məqsədəuyğun deyil". Fikirlərini isə onunla əsaslandırır ki, sərhədyanı erməni kəndlərinin otlaq sahələri Azərbaycanın nəzarətinə keçəcək və beləlikdə, o kəndlərdə qalan 5-10 erməni ailəsi də bölgəni tərk edəcək. Deməli, erməni ombudsman ermənilərin həyat komfortuna görə beynəlxalq hüququ pozmağa çağırır. Yəni erməni məntiqincə, Azərbaycan beynəlxalq aləmin öz ərazisi kimi tanıdığı torpaqları sırf ermənilərin rahatlığına görə onlara bağışlamalıdır. Amma unudur ki, həmin beynəlxalq təşkilatların arxivlərində 30 ilə yaxındır nəinki otlaq sahələrini, hətta olan-qalan hər şeyini, evini, mal-mülkünü, ailə üzvlərini itirən 1 milyon azərbaycanlının acınacaqlı vəziyyətini özündə əks etdirən cildlərlə sənəd var. 1 milyon dinc azərbaycanlı Aranın qızmar yayında və soyuq qışında nə az, nə çox, düz 30 ilə yaxın brezent çadırlarda ölümlə həyat arasında yaşadı. Bəs onda bu beynəlxalq təşkilatlar hara baxırdılar?

Erməni ombudsman bu məsələdə, təbii ki, tək deyil. Onun bəyanatlarını "təhlil" edən erməni ekspertlərin "fəlakət ssenariləri" bütün erməni KİV-lərinin səhifələrini doldurub. Onlardan daha çox tanınmış birinin sərhədlərin demarkasiyası məsələsinə verdiyi şərhə nəzər salarkən hər şey gün kimi aydın görünür. Maraqlısı burasındadır ki, bu tip təhlil və çağırışla erməni ictimai rəyinə təsir göstərə bilən bu şəxslər faktiki olaraq ölkədə onsuz da gərgin olan daxili vəziyyəti daha da gərginləşdirirlər.

Edqar Elbekyan öz analizində sərhədlərin müəyyən edilmədiyi Zəngəzur və Qazax bölgələri arasında müqayisə apararaq, hakimiyyəti buradakı 1991-92-cı illərdə işğal olunmuş 7 Azərbaycan kəndini qaytarmamağa çağırıb. O qeyd edir ki, Qazaxla sərhədin SSRİ xəritəsi əsasında yenidən çəkilməsi faktiki olaraq növbəti kapitulyasiya aktıdır. Çünki Qazaxın 7 kəndinin işğal olunması planını hələ Qarabağda döyüşlər başlamamışdan çox əvvəl, 90-cı illərdə birbaşa Moskva planlaşdırmış və bu ərazi Sovet ordusunun iştirakı ilə işğal edilmişdi. O vaxtkı vəziyyət hamımızın yadındadır: Azərbaycanda nə müstəqil dövlət var idi, nə də dövləti qoruyacaq ordu. Ermənilər isə sovet zabitlərinin nəzarəti altında elə Ermənistanda dislokasiya olunmuş sovet hərbi hissələrində təpədən-dırnağa, o vaxtın ən müasir silahları ilə təchiz edilən ordularını yaradırdılar. Əslində Edqar Elbekyan haqlıdır. Qazaxın işğal olunmuş 7 kəndinin - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndlərinin coğrafi cəhətdən tutduğu strateji mövqenin üstünlüyü danılmazdır.

Ona görə də, Qazax rayonunun Bağanıs Ayrım kəndi 1990-cı ilin martın 23-dən 24-ə keçən gecə əvvəlcədən təşkil edilən plan əsasında hücuma məruz qalmış və martın 24-ü səhər saatlarında ermənilər kəndi işğal etmişdilər. Bununla da Ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi kimi tarixə düşmüşdür. İşğal zamanı Bağanis Ayrım kəndinin silahsız, günahsız əhalisinə qarşı tarixdə görünməmiş divan tutulmuş, 10 nəfər vəhşicəsinə öldürülmüş, 15 nəfərdən çox insan isə yaralanmışdı. 100-dən çox evi olan kənd talan olunub, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qaranı ermənilər mənimsəmişdilər. Xüsusu strateji əhəmiyyətli Bağanıs Ayrım kəndi İcevan – Noyamberyan avtomobil yolu üzərində yerləşdiyindən düşmən gələcəkdə daha rahat hərəkət etməsi üçün bu kəndin işğalı xüsusi plan əsasında həyata keçirilmişdir. Kənd işğal olunan zaman orada 600 nəfər yaşayırdı. Bağanis Ayrım kəndi Qazax rayonunun Aşağı Əskipara, Quşçu Ayrım, Xeyrimli və Məzəm kəndləri ilə qonşudur. Əhalisi əsasən əkinçilik və maldarldıqla məşğul olan kəndin əsrarəngiz təbiəti, saysız-hesabsız bulaqları olub. İndi Bağanıs Ayrım kəndindən didərgin düşmüş insanlar Qazax rayonunun müxtəlif yerlərində məskunlaşıblar.

Ermənilərin Qazax rayonunun işğal olunan Barxudarlı və Sofulu kəndlərinə hücumu isə 1992-ci il aprelin 23-dən başlayıb və onlar bu kəndləri aprelin 27-də çox böyük çətinliklə işğal ediblər. Bir neçə gün davam edən döyüşlərdə kənd sakinləri Barxudarlıda 11, Sofuluda 9 post quraraq ermənilərə qarşı qəhrəmancasına döyüşüblər. Qazax rayonundan köməyə gələn olmasın deyə, ermənilər bura gələn dəmir yolu xəttini də partladıblarr. Sofulu və Barxudarlı 4 günlük mühasirədən sonra çətinliklə işğal edilib.

Yuxarıda vurğuladığımız kimi, sərhədlərin müəyyən edilməsi məsələsində ermənilərin narahatlığının əsas səbəbləri aydındır. Ona görə də, bu prosesin gedişinə hər vəchlə mane olmaq, prosesi ləngitmək istəyirlər. Bildiyimiz kimi, indiki erməni ombudsmanı Nikol Paşinyanın adamı olsa da, onun imzaladığı Bəyanatın əleyhinə çıxış edir və bununla praktiki olaraq ölkə rəhbərliyinin ürəyindən keçənləri dolayısı ilə dilə gətirir. Amma şefinin geriyə atmağa bircə addımlıq yolu qalmadığını unudur. Bununla belə, Ermənistan rəhbərliyi unutmamalıdır ki, imzalanan kapitulyasiya aktı - Bəyannamə son bəndinə qədər icra ediləcək.

Şahin Ömər

0
1140
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar